Məhsul səbətə əlavə olundu!

Qarabağın Şahzadəsi Xurşidbanu Natəvan İtaliyada dərin ehtiramla anıldı, onun şərəfinə yaylıq istehsal edildi.

 

“Qarabağ”, “Xarı bülbül”, “Qarabağ xalçası”, “Qarabağ kilimi”, “Qobustan”, “Azərbaycan Narı” qalstuklarının və yaylıqlarının yaradıcısı, İtaliyanın Andrew’s Ties ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov növbəti dəfə özünün möhtəşəm layihəsini – “BANU” kolleksiyasından olan yaylığı ictimaiyyətə təqdim edib.  

“Banu” kolleksiyasından olan bu yaylıq XIX əsr Azərbaycan xalqının görkəmli şairi, rəssamı, ictimai xadimi, xeyriyyəçisi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, “Xan qızı” ədəbi təxəllüsü ilə tanınan Qarabağın Şahzadəsi Xurşidbanu Natəvanın əziz xatirəsinə ithaf olunub.

Yaylıq Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyadan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan, məşhur Qarabağ xalçalarından birini, eləcə də Azərbaycan xanımını simvolizə edən qadın şəklinin əks edildiyi mərkəzi şəkildən  ibarətdir. Yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks edilmişdir. 

Yaylıq 90 sm ölçüdə olmaqla kvadrat formadadır, İtaliyada yüksək keyfiyyətli ipəkdən istehsal edilmişdir. Yaylığın nəfis tərtibatlı qutusu və yaylıq üzərində olan bütün elementlərin ətraflı izahı verilmiş kitabçası vardır.

“BANU” kolleksiyası artıq Andrew’s Ties ticarət markasının Səməd Vurğun küçəsi 56 ünvanda yerləşən butikində satışa çıxarılıb.

© Bütün hüquqlar qorunur


Yaylığın künclərində əks edilən 4 medalyonun izahı 

  • Tar, Kaman və Qaval – Azərbaycan klassik muğam triosu, Qarabağın Azərbaycanın musiqi, muğam beşiyi olduğunu bildirir.
  • “Xarı-bülbül” gülü – Ophrys caucasica - səhləbkimilər (Orchidaceae) fəsiləsindən bitki növü, Şuşanın və bütövlükdə Qarabağın rəmzidir.  “Xarı-bülbül” yer üzündə yalnız Qarabağda - Şuşada bitir.
  • Qılınc və qalxan – Qarabağ uğrunda döyüşən qazilərimizi (igidlərimizi) və şəhidlərimizi simvolizə edir.
  • Qarabağ atları - Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir.

 


Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyaların izahı

 

Qarabağ Xanı ilə Rus Generalının saziş imzalaması səhnəsi

XVIII əsrin ortalarında Nadir şah Əfşarın dövləti süqut etdikdən sonra Azərbaycan ərazisi xanlıqlara parçalandı. Onlardan biri də əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Qarabağ xanlığı idi. XIX əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazın işğalının son mərhələsinə başladı. Böyük imperiyaya təkbaşına müqavimətin çətinliyi, dinc əhalinin qətl və qarətlərdən qorunması üçün Qarabağ xanı İbrahimxəlil xan sülh yolunu seçdi. 1805-ci il mayın 14-də İbrahimxəlil xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı knyaz Sisianov arasında Qarabağda - Kürəkçay sahilində müqavilə imzalandı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsusluğunu sübut edir. Belə ki, diplomatik və hüquqi əhəmiyyət daşıyan bu sənədin heç bir maddəsində Qarabağda erməni əhalisinin mövcudluğu barədə hər hansı bir məlumat yoxdur. Bu müqavilə sübut edir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib, ermənilər isə bu bölgəyə Türkiyə və İran ərazilərindən köçürülüblər. Müqavilədə Qarabağ xanlığı daxili idarəetmə hüququnu saxlayır, İbrahimxəlil xan və onun varisləri xanlığın yeganə sahibi kimi təsdiq edilirdi.  

1804-1813-cü illər Rusiya – İran müharibəsində qalib gələn Rusiya imperiyası Qacar şahı ilə 1813-cü il 12 oktyabrda Gülüstan müqaviləsi imzaladı. Qarabağın Gülüstan kəndində imzalanan bu müqaviləyə əsasən, bir çox Azərbaycan xanlıqları-Dərbənd, Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Şəki  kimi Qarabağ da Rusiya ilhaq edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək, əyalətə çevirildi. Bununla da, Qarabağın işğalı başa çatdırıldı. Əyalət Rusiya tərəfindən yaradılan və mərkəzi Şuşa olan Müsəlman əyalətləri rəisliyinə daxil edildi. Bu fakt bir daha  Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını təsdiqləməkdədir.  

Xurşidbanu Natəvanla Aleksandr Dümanın görüşü

Natəvan 1858-ci ildə məşhur fransız yazıçı Aleksandr Düma (Ata) ilə görüşüb. O dövr üçün Şərq qadınından dərin bilik, şairlik və rəssamlıq qabiliyyətləri gözləməyən Düma onunla görüşdən valeh olub.  Xan qızı ilə şahmat oynayan Düma mat vəziyyəti ilə üzləşib. O, Natəvana nəfis fiqurlu şahmat dəsti və Napaleonun kiçik büstünü hədiyyə edib. Natəvan isə öz əl işlərindən bir neçəsini fransız yazıçısına bağışlayıb.

2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransada rəsmi səfərdə olarkən Fransa Prezidenti Jak Şirak öz çıxışında deyib: "Bölgədəki xalqların özünəməxsusluğu Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında Fransada və Avropada yaxşı tanınan Aleksandr Dümanın "Qafqaza səyahət" əsərində təsvir olunub. 1858-ci ildə Düma qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti və fəlsəfəsinə marağına valeh olub. Düma şirin poeziya ənənələrinizin və onun böyük nümayəndələrinin, o cümlədən məşhur Nizami Gəncəvinin əsərlərinin və böyük şairiniz Natəvanın heyranedici təsirinə qapılıb. Belə deyirlər ki, Natəvan öz istedadı və gözəlliyi ilə onu məftun edib".

A.Düma "Qafqaza səyahət" əsərində Qafqaz xalqlarının tipik obrazlarını yaratmağa çalışıb, azərbaycanlıları böyük məhəbbət və ehtiram hissi ilə təsvir edib. O, Azərbaycan xalqının igidliyi, döyüşkənliyi, qonaqpərvərliyi, yüksək mədəniyyətə malik olması barəsində geniş ürəklə yazıb. O, belə bir cəhəti xüsusi qeyd edib ki, başqa xalqların nümayəndələri ilə işbirliyi quranda sənədlər, əhdnamələr, vəkalətnamələr, və digər sənədlər imzalamaq lazımdır ki, aldanmayasan. Azərbaycanlının isə bir sözü kifayətdir, çünki o, verdiyi sözə sadiqdir. Azərbaycan xalqının musiqisinə, milli xörəklərinə, adət-ənənələrinə valeh olan Düma onun möhtəşəm tarixindən də xəbər verir. Xurşidbanu Natəvan kimi maarifçi bir qadınla görüş isə onun nəinki Qafqaz, həm də islam qadınları haqqında olan təsəvvürlərini müsbət tərəfə dəyişib. Natəvanın Bakıdan Şıxlar kəndinə daş yol çəkdirməsi haqqında məlumat da A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb. 

 

Qarabağ xalçalarının ticarəti səhnəsi

Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir. Qarabağda xalçaçılıq əhalinin gəlir mənbələrindən biri olub. Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçi, tacir və tədqiqatçıların diqqətini cəlb edib.

Qarabağ xalçaları sıx, hündür və yumşaq xova malikdir. Azərbaycanın digər bölgələrində olduğu kimi Qarabağda da xalçalar xovlu və xovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür. Birinci qrupa xovsuz texnika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar daxildir. İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Xalça sənətinin tədqiqatı ilə məşğul olan sənətşünaslar Qarabağ xalçalarını 3 qrupa bölürlər:

1.Aran qrupu; 2. Şuşa qrupu; 3. Cəbrayıl qrupu.

Qarabağ xalçaları mürəkkəb kompozisiya quruluşuna malikdir. Qarabağ xalçalarında ən çox gözə çarpan elementlər beş qrupa bölünür:

1.Butalar; 2. Kətəbələr; 3. Anagüllər; 4. Göl və kiçik xonçalar; 5. Qubbalar.

Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bir çox Qarabağ xalçaları hazırda dünyanın məşhur muzeylərində saxlanılır. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına daxil edilib.

Yaylığın mərkəzi şəkilində xanımın arxa tərəfində verilən xalça Qarabağ qrupuna aid XIX əsr Bəhmənli (Füzuli) xalçasıdır.

 

Cıdır yarışması səhnəsi

Cıdır yarışı Novruz bayramı və digər el şənliklərində təşkil edilən və əsasən yeniyetmə gənclərin iştirak etdiyi qədim atçılıq yarışlarından biridir.

Cıdırın keçirildiyi meydan, gün və digər şərtlər əvvəlcədən müəyyən edilir, bu yarışa xüsusi hazırlıq görülür, təlim almış atlar cıdıra hazırlanırdı.

Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunurdu. Qalib atın boynuna qırmızı rəngli kəlağayı bağlanılırdı. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilirdi. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşayət edirdi. Cıdır sözün əsil mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilirdi. Qarabağda cıdır yarışması, adətən, Şuşada məşhur Cıdır düzündə keçirilirdi.

 

Çövkən oyunu səhnəsi

Çövkən (çovqan) — at ilə oynanılan idman komanda oyunu olub, müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarət olurdu. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla, 30 dəqiqə davam edir.

"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu tarixi faktlarla təsdiqlənir. Örənqalada (Azərbaycanın indiki Beyləqan rayonu) aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını sübut edir.

1842-ci ildə Britaniyalı səyyah M.Braun Azərbaycanda çövkən haqqında öz fikirlərini belə izah edirdi: “Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı."

Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşadakı Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib. Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir.  

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb.

 

Qarabağda, Cıdır düzündə Novruz şənliyi səhnəsi

Novruz “yeni gün”, “yeni həyat” mənasını bildirməklə, həm də azərbaycanlıların yeni ilinin başlanğıcı sayılır. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə, yeni həyat başlayır.  Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə - mart ayının 20-si, 21-i və ya 22-sində keçirilir. Novruz bayramına tarixi qaynaqlarda ilk dəfə şumerlərlə bağlı qeydlərdə rast gəlinir. Onun tarixi də eradan əvvəl IV minilliyə aiddir.  Novruz bayramının yaranması heç bir dinlə bağlı deyil. Bu bayram bütün dinlərdən qədimdir. X-XI əsr dünya elminin məşhur nümayəndəsi Əbu Reyhan əl Biruni Novruzun yaranmasını Azərbaycanla bağlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq rəqsləri, idman yarışları olurdu. Novruz bayramında müharibələr və münaqişələr dayandırılır, sülh müqavilələri bağlanırdı. İnsanlar bayram şənlikləri ilə yanaşı, eyni zamanda, xəstələrə diqqət və qayğı göstərir, bir-birinə qarşılıqlı inam və xüsusi rəğbət ifadə edərək ümumbəşəri dəyərlərə üstünlük verirdilər. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

 

Qarabağ muğam üçlüyü

Azərbaycan muğam üçlüyü — milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu, ənənəvi xanəndə və sazəndə dəstəsidir. Bu dəstəyə tarzən, kamançaçı və  xanəndə daxildir ki, həmin üçlük ilk dəfə XIX əsrin ikinci yarısında Qarabağda formalaşmışdır və bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Muğam üçlüyünün ifa etdiyi vokal instrumental muğam dəsgahı adlanır. Mənbələrdə "muğam" sözünün ərəb dilində “məqam” sözündən (“yer”, “mövqe”) yaranması qeyd olunur. Buna məqamat (muğamat) da deyilir. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

 

Qarabağa, Şuşaya böyük qayıdış səhnəsi

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üstün və dəyişməz meyil kimi qəbul edilib. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.

BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərdən qeyd-şərtsiz çəkilməsini tələb edən 822 (30.04.1993), 853 (29.07.1993), 874 (14.10.1993), 884 (12.11.1993) nömrəli dörd qətnamə qəbul edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Qətnamələrdə ermənilər tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi pislənilir.

Azərbaycan Ordusunun döyüş və müdafiə qabiliyyətinin artırılması öz torpaqlarını, nəyin bahasına olursa-olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə hərb tarixinə daha bir şanlı səhifə yazdı. Azərbaycan əsgərləri və zabitləri qəhrəmanlıq göstərdilər.  İşğal edilmiş torpaqlarımızın bir hissəsi azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində strateji mövqelərin işğaldan azad olunması Şuşaya, Xankəndinə – Qarabağa Böyük Qayıdışın  başlanğıcıdır. Prezident İlham Əliyevin da bəyan etdiyi kimi: “Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Azərbaycan bayrağı sabah Şuşa, Laçın, Xankəndi səmalarında dalğalanacaq! Düşmənlərimiz və dünya ictimaiyyəti onu da başa düşürlər ki, Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək.”

 


Tərəfdaş şirkətlərə təşəkkürümüzü bildiririk!

Yaylığın vizual görünüşü və texniki dəstək - TRADE MARK Leo Burnett Azərbaycan

Bədii tərtibat işləri və qablaşdırma - STAMPERİA Print !